Oktyabrın 29-da DİN-in “102 - Zəng Mərkəzi”nə zəng edən şəxs Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindəki orta məktəblərdən birinin damına bomba qoyulması barədə məlumat vermişdir.

DİN-dən Unikal.org-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, lakin fakt təsdiqini tapmamışdır.  

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxs - Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı P.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı maddəsi (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılmışdır.