Kamran Əsədov: “Vətənpərvərlik pedaqoji prosesdə tədris olunan mövzunun məqsədində mütləq yer almalıdır. Dərsliklər hazırlanarkən bu prinsip nəzərə alınmalıdır”
44 günlük müharibə nəticəsində ordumuzun göstərdiyi şücaət gələcək nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Ərazi bütövlüyümüzü təmin etmək üçün düşmənin üzərinə yeriyən mərd vətən oğulları ölümün gözünə dik baxaraq Vətən uğrunda canından keçməyi bacardılar.
İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsində şəhadətə qovuşanların adı tarixə əbədi həkk olunub. Bu gün Vətən uğrunda döyüşən gənc nəsil milli mənlik şüurunun formalaşmasında böyük rol oynayır. Hər kəs onların keçdiyi şərəfli həyat yolunu özünə örnək hesab edir, ondan nümunə götürür. Bu gün gələcək nəslin vətənpərvər ruhda tərbiyə almasında təhsil müəssisələrinin də üzərinə böyük iş düşür. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması müəllimlərin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Uşaqlara təhsil, elm verməklə yanaşı, həm də onları yetkin bir vətəndaş kimi yetişdirmək, onlarda vətənə, torpağa sədaqət, lazım gələrsə, Vətən yolunda şəhidliyə hazır olmaq ruhu aşılanmalıdır.
Təhsil eksperti Kamran Əsədov deyir ki, orta ümumtəhsil məktəblərinin əsas funksiyası cəmiyyət üçün təkcə bilikli və bacarıqlı şəxslər yetişdirmək deyil, eyni zamanda vətənini, dövlətini sevən, Azərbaycanın dəyərlərinə hörmətlə yanaşan bir vətəndaş yetişdirməkdir: “Təhsilin, xüsusən də orta təhsilin əsas funksiyası vətəndaş, şəxsiyyət yetişdirməkdir. Azərbaycanın 5 min ilə yaxın dövlətçilik tarixində Qarabağ müharibəsi çox əhəmiyyətli və xüsusi yer tutur. Tariximizə nəzər salsaq görərik ki, yaratdığımız dövlətlər daha çox ərazi itkiləri ilə yadda qalıb. Amma 44 günlük Vətən müharibəsi Azərbaycanın 5 min ilə yaxın dövlətçilik tarixində xüsusi bir hadisədir. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu itirdiyimiz torpaqları özümüzə qaytardı. Burada Azərbaycan igidləri yalnız silah və texnika gücü ilə yox, eyni zamanda, fərdi şücaətləri ilə yadda qaldı. Ona görə də, 44 günlük müharibənin hər günü yox, hər saatı şagirdlərimizə örnək olaraq çatdırılmalıdır. Tarix dərsliklərində elə faktlar olurdu ki, şagirdlərə öyrədəndə əziyyət çəkirdik. Məsələn, xarici ölkələrin hərb və döyüş tarixindən nümunə gətirirdik. Artıq Prezident İlham Əliyevin özü Azərbaycanı bütövləşdirən və gücləndirən bir şəxsiyyətdir. Bundan sonra Vətən müharibəsində iştirak edən generallarımız barədə şagirdlərimizə məlumat verilməlidir. Yalnız dərsliklərdə yox, həmçinin, müxtəlif əsər və filmlərdə qəhrəmanlıq tariximizi əks etdirməliyik. Gənclərimiz Polad Həşimovun həyatından və döyüş yolundan nümunə götürməlidirlər. Eyni zamanda, digər qəhrəman sərkərdələrimizi dərsliklərimizə gətirməliyik. Bu günə qədər tarix dərsliklərimizdə daha çox məğlubiyyət ruhunda və ərazi itkisi fonunda tarixi faktları qeyd etmişik. İndi isə İkinci Qarabağ müharibəsində yaşananlarla bağlı yeni bir nümunə olacaq. Bütün dərsliklərimizdə qəhrəmanlıq nümunələrimizə yer verməliyik ki, gənc nəslimiz vətənpərvər ruhda böyüyə bilsin".
Ekspert onu da deyir ki, təkcə tarix və ədəbiyyat dərslərində yox, bütün fənlərdə müəyyən informasiyalar verilməlidir. Həmçinin fənnindən asılı olmayaraq hər bir müəllim şagirdlərə vətənpərvərlik duyğusunu öyrətməyi bacarmalıdır: “Çünki müəllim məktəbdə ilk növbədə şəxsiyyət yetişdirir və çalışmalıdır ki, həmin şəxsiyyət də vətəninə, millətinə layiq bir tərzdə yetişsin. Keçirilən dərslərdə işğal olunmuş torpaqlarda fədakarlıqla döyüşən Milli qəhrəmanlarımızı, Qarabağ haqqında uşaqlara Qarabağı tanıtmaq, onun başına gətirilən faciələri aşılamaq lazımdır. Şagirdlərdə vətənə olan sevgi hissini, milli ruhu mütəmadi olaraq aşılamaq lazımdır. Çünki bir insan öz ölkəsi, vətəni haqqında nə qədər çox məlumatlı olarsa, torpağını da bir o qədər çox sevər. Onun milli sərvətlərinə, milli dəyərlərinə qırılmaz iplərlə bağlanar. Onu qorumağı özünə borc hesab edər”.
K. Əsədov bildirir ki, vətənpərvərlik və milli mənəvi şüurun təbliği və aşılanması məsələsinə xüsusilə pedoqogikada diqqət edilməlidir. Vətənpərvərlik pedaqoji prosesdə tədris olunan mövzunun məqsədində mütləq yer almalıdır. Dərsliklər hazırlanarkən bu prinsip nəzərə alınmalıdır.
Qeyd edək ki, Təhsil Nazirliyi "Zəfər tarixi" dərsliyi hazırlayıb. "Zəfər tarixi" dərsliyində həm birinci Qarabağ, həmçinin də bizə zəfər qazandıran İkinci Qarabağ müharibəsi barədə ətraflı məlumat verilib. Dərsliyin son bölməsində "Füzuli əməliyyatı", "Şuşa əməliyyatı" və diplomatik cəhbədə Ali Baş Komandanın fəaliyyəti öz əksini tapıb. Qarabağın ən qədim tarixi də kitabda qeyd olunub. Qarabağa ermənilərin köçürülməsi, nəticələri ətraflı əks olunub. "Zəfər tarixi" dərsliyində həmçinin Aprel döyüşləri haqqında bölmə var. Dərsliyin "Qəhrəmanlar unudulmur" bölməsində ərazi bütövlüyü uğrunda döyüşmüş Ramiz Qənbərov, Vəzir Orucov, Allahverdi Bağırov, Albert Aqarunov, Polad Həşimov, Mübariz İbrahimov kimi qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolu əks olunub. Dərslikdə Qarabağ müharibəsinin qadın qəhrəmanları olan Salatın Əsgərova, İkinci Qarabağ müharibəsində yeganə şəhid xanım Arəstə Baxışovanın qəhrəmanlıqları da qeyd olunub. Dərslikdə Qarabağın mədəniyyəti, tarixi, musiqisi ilə bağlı zəruri məlumatlar da öz əksini tapıb. Dərslikdə tariximizin ən şanlı səhifələrindən biri olan Cümhuriyyət dönəmi, bu dövrdə qazandığımız uğur və nailiyyətlər də əks olunub.
Gülayə Mecid
İstiqamət: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə haırlanıb