Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Milli Ordumuzun erməni işğalçılarını darmadağın etdiyi 44 günlük Vətən müharibəsində minlərlə lənkəranlı gənc kimi Mamusta kəndinin gəncləri də qəhrəmancasına vuruşaraq vətən torpaqlarının düşmən işğalından azad olunmasında yaxından iştirak ediblər. Döyüşlər zamanı misilsiz hünər göstərmiş əsgərlərdən biri də Mamusta kəndi sakini Qulamzadə Afərin Müqəddəs oğlu olub. Könüllü olaraq cəbhəyə getmiş Afərin Qulamzadə  əsil vətənpərvərlik nümunəsi göstərərək qorxmaz əsgər kimi döyüşə atılaraq  düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edib. Döyüşlərin birində qəhrəmancasına həlak olan Afərin Qulamzadə şəhidlik zirvəsinə yüksələrək doğulduğu Mamusta kəndində torpağa tapşırılıb.

"Unikal" xəbər verir ki, bu gün Mamusta kəndində şəhidin xatirə günü keçirilib. Bu münasibətlə keçirilən mərasimdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim zamanı kənddə şəhidin adına tikilmiş bulağın açılışı olub. Açılış mərasimində çıxış edən İcra başçısı Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbənin misilsiz tarixi zəfər olduğunu xüsusi vurğulayaraq bu zəfərin Azərbaycanın igid oğullarının qanları ilə yazdıqlarını və gələcək nəsillər üçün ibrətamiz şanlı döyüş ənənəsi yaratdıqlarını bildirib. Şəhidlərin əziz xatirəsinin heç vaxt unudulmayacağını diqqətə çatdıran natiq şəhid valideynlərinə müraciət edərək xalqını, torpağını qanı və canı ilə qoruyan igid övladlar yetirdiklərinə görə onlara dərin təşəkkürünü çatdırıb. Şəhid valideynləri və digər natiqlər də çıxışlarında Vətən müharibəsi  şəhidlərinə göstərilən sonsuz hörmət və ehtirama görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Tədbirin sonunda məktəblilərin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya səsləndirilib. Həmin gün şəhidin il mərasimi ilə əlaqədar qəbri ziyarət olunaraq üzərinə tər çiçəklər düzülüb, din xadimlərinin iştirakı ilə ruhuna dualar oxunub, ehsan verilib.