Vətən güzəştə gedilməz! Candan keçilər, Vətəndən keçilməz! Deyirlər ki, insanlar doğulduqları, böyüdükləri yerin xüsusiyyətlərinə malik olurlar. Azərbaycan torpağının mayasındakı mərdlik, igidlik, əyilməzlik onun oğullarına, qızlarına da siraət edib. Elə olmasa idi, 30 ilə yaxındır davam edən Vətən həsrəti cəmi 44 günə sonlanmazdı. Ərazi bütövlüyümüzün bərpası, şərəf və ləyaqətimizin qorunması azərbaycanlı olaraq hər birimizin ümdə vəzifəsi idi. Prezident İlham Əliyev ötən illər ərzində dəfələrlə qeyd etmişdir ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç zaman barışmayacaq. Elə də oldu! Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın əmri ilə “dəmir yumruq” kimi düşmənin başını əzdi. Xalq ordu ilə bir olub, öz tarixini şanlı zəfərlə şərəfləndirdi. Bu gün Qarabağ azaddır!  Lakin təəssüf ki, müharibələr itkisiz olmur. Biz də Vətən savaşında şəhidlər verdik, minlərlə igid övladı Vətən torpağına əmanət etdik. İndi Azərbaycan xalqı tarixinin Zəfər səhifəsini öz qanları ilə yazanları yad edir. Gəncədə  Vətən müharibəsi şəhidlərinin il dönümləri ilə əlaqədar anım mərasimləri təşkil edilir.

"Unikal" xəbər verir ki, bu mərasimlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Kəpəz və Nizami rayon icra hakimiyyətlərinin başçıları, Kəpəz və Nizami bələdiyyələrinin sədrləri, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri yaxından iştirak edirlər. Şəhid ailələri ilə birlikdə Vətən uğrunda canından keçən igidlərimizin məzarları ziyarət olunur, onların ruhuna dərin ehtiram bildirilir. 

Qeyd etmək yerinə düşər ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin il mərasimlərinin təşkili üçün hər bir ailəyə müvafiq qaydada maddi yardım göstərilir. Aidiyyəti qurumların rəhbərləri tərəfindən şəhid ailələri daim ziyarət olunurlar, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində qanunamüvafiq formada tədbirlər həyata keçirilir.

Azərbaycan xalqı ömürdən pay verib, Vətənə sahib çıxanlara daim minnətdar olacaq, onları heç zaman unutmayacaq. Allah şəhidlərimizə rəhmət eləsin!