Bu gün Vətən müharibəsində şəhid olan tibb xidməti leytenantı həkim Mirlətif Ağayevin doğum günüdür.

"Unikal"ın məlumatına görə, Mirlətif Mirislam oğlu Ağayev 20 noyabr 1990-cı ildə Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olub. Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alıb. 

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlananda könüllü surətdə cəbhəyə yollanan Mirlətif Ağayev həm həkimlik, həm də insanlıq borcunu yerinə yetirərək 247 yaralını döyüş meydanından çıxararaq onları həyata qaytarıb. O, təkcə həkim kimi deyil, fəal döyüşçü kimi də şücaət göstərib. Füzuli, Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak edib və oktyabrın 26-da Qubadlının Balasoltanlı kəndində şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Anar Kəlbiyev