"Atasığorta" Açıq Səhmdar Cəmiyyəti barəsində inzibati qaydada protokol tərtib edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) əsasən tərtib edilən protokol baxılması üçün Lənkəran rayon məhkəməsinə göndərilib. İşə hakim Toğrul Məmmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, sözügedən xətanın törədilməsinə görə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Seymur Əli