Azərbaycanın dövlət büdcəsində Xocalı və Xankəndi kimi bölgələrimizə vəsaitin nəzərdə tutulması ilk növbədə siyasi cəhətdən vacibdir. 

Bunu "Unikal"a deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, həmin bölgələrimizdə yaşayan ermənilər əgər Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, onların problemlərinin həlli istiqamətində bir sıra məsələlərin mümkün olacağını göstərmək baxımından olduqca vacibdir:

"Bu istiqamətdə hər hansısa bir yeni yanaşma olarsa, bizim həm də burada ərazi ilə bağlı bir sıra məsələlərdə layihələrin həyata keçirilməsində müəyyən təşviqedici addımlar atmağımız mümkündür. Bu vəsaitin daha çox Azərbaycan vətəndaşlığını qəbul etməklə bağlı stimullaşdırıcı bir addım olacağını düşünürəm. Belə ki, Xocalı, Xankəndi, Ağdərə Azərbaycan ərazisidir. Ermənilərin orada yaşamasına baxmyaraq, oraya azərbaycanlılar da köçürülməlidir. İndidən büdcədə həmin ərazilərlə bağlı həssaslıq ortaya qoyulmalıdır ki, Azərbaycanın bu bölgələrlə bağlı ayrıca proqramı var".

Anar Kəlbiyev