Qusar Rayon Polis Şöbəsinə rayonun Balaqusar kəndində yerləşən hamam binasında sauna salonunun sanitar-karantin qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gedərək obyektin işçilərini və müştərilərdən ibarət bir neçə nəfəri polis şöbəsinə gətiriblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılaraq, karantin rejiminin qaydaları izah edilib.
Qanun pozuntularına yol verən şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.
Hamamın icarədarı Amik Hacıağayev barəsində də protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.