Dekabr ayının 14-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən "Unikal"a bildirilib ki, bununla əlaqədar təşkil olunan mərasimdə Xidmət rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək yeni hərbi hissənin fəaliyyətə başlaması münasibətilə DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin cari ilin oktyabr ayında işğaldan azad edilən ərazilərdə DSX-nin 3 yeni hərbi hissəsinə gəlişinin sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın ifadəsi olduğu və sərhədçiləri yeni xidməti uğurlara ruhlandırdığı vurğulanıb.
Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığında yaradılmış şəraitlə tanış olub.
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən hərbi qulluqçular təltif olunublar.