Bakıda yerləşən “Beerlin Pub”da müştərini döyərək qətlə yetirməkdə təqsirləndirilən idmançı Orxan Şahbazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Unikal" xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.
Qeyd edək ki, avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Beerlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə V.Mustafayevin xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.Orxan Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Xatırladaq ki, Orxan Şahbazov uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib.
O, sosial şəbəkələrdə kifayət qədər tanınır. O. Şahbazov bir sıra məşhur simaların özəl mühafizəçisi olub. Həmçinin Rusiyada yaşayan məşhur bloger Hüseyn Həsənovun Bakıya səfəri zamanı onun təhlükəsizliyinə cavabdehlik daşıyıb.