Qazaxıstanda etirazçılar prezidentin Alma-Ata şəhərindəki köhnə iqamətgahını ələ keçirib.

"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan"ın yaydığı məlumatda deyilir. 

"Birinci və ikinci mərtəbələrin pəncərələri sökülüb. Hazırda iqamətgahda yanğın görünmür, lakin aşağı mərtəbələr tüstü ilə örtülüb.

Görünüşdə nə yanğınsöndürən, nə də polis var", - deyə məlumatda bildirilib. 

***15:06

"Qazaxıstanın Alma-Ata şəhərində prezidentin köhnə iqamətgahı yanır".

"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl bir neçə min etirazçının Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Alma-Atadakı iqamətgahının ərazisinə soxulmağa cəhd etdiyini bildirmişdik. 

Prezident fövqəladə vəziyyətin tətbiqindən sonra Alma-Ata və Manqistau vilayətində vəziyyətin tədricən düzəldildiyini bildirib. 

***14:33

Bir neçə min etirazçı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Alma-Atadakı iqamətgahının ərazisinə daxil olmağa çalışır.

"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, aksiya iştirakçılarından bir neçəsi hakimlik binası yaxınlığındakı kütlədən ayrılaraq prezident iqamətgahına gedib. 

"Ətrafı tüstü bürüyüb, səs qumbaralarının partlaması və atəş səsləri eşidilir", - yerli qəzetlərdən biri yazıb.

Qeyd edək ki, prezident Mangistau və Almatı vilayətlərində, eləcə də Alma-Atada yanvarın 19-dək fövqəladə vəziyyət elan edib. 

Ağarza Elçinoğlu