Avropa İttifaqı (Aİ) 2014-cü ildə Ukraynaya görə Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini iyulun 31-dək uzadıb.
"Unikal" xəbər verir ki, bu barədə Aİ Şurasının saytında məlumat yayılıb.
Sanksiyaların uzadılması barədə qərar Minsk razılaşmalarının statusunun son qiymətləndirilməsi ilə əlaqədar qəbul edilib.
“İlk dəfə 2014-cü il iyulun 31-də Rusiyanın Ukraynadakı vəziyyəti sabitsizləşdirən hərəkətlərinə cavab olaraq tətbiq edilən hazırkı sanksiyalar bəzi Rusiya bankları və şirkətlərinin Aİ-nin ilkin və təkrar kapital bazarlarına çıxışını məhdudlaşdırır, Rusiyaya münasibətdə maliyyə yardımı və vasitəçilik formalarını qadağan edir”, - deyə məlumatda bildirilir.
Sanksiyalar, həmçinin, müdafiə ilə bağlı bütün materialların birbaşa və ya dolayı yolla idxalını, ixracını və ya ötürülməsini qadağan edir.