Kollektiv Təhlükəsizlik Mmüqaviləsi Təşkilatının (KTMT) Ermənistan, Tacikistan və Qırğızıstandan ibarət sülhməramlılarının bölmələri Qazaxıstanın Almatı şəhərini tərk edərək daimi dislokasiya yerlərinə doğru yola düşüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistandan olan hərbi bölmələr nəqliyyat vasitələrini və şəxsi heyəti Rusiyanın Aerokosmik Qüvvələrinin üç İl-76 hərbi-nəqliyyat təyyarəsinə yükləyərək Almatı aerodromundan havaya qalxıb. Qırğızıstan sülhməramlıları isə mühafizə etdikləri Almatı İES-2-nin ərazisindən öz konvoyunda dövlətlərinin sərhədinə doğru yola düşüblər. Onlar Qırğızıstan ərazisinə qədər təxminən 250 km qət etməlidirlər.
Bildirək ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci il yanvarın 6-da qəbul edilmiş qərarına uyğun olaraq, vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün Təşkilatın Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstana göndərilib. Qrupa Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin bölmələri daxil idi.