Qazaxıstanda ölkə Prezidenti Kasım-Jomart Tokayevin göstərişi əsasında “Qazaxıstan Xalqına” adlı ictimai sosial fond yaradılıb.
"Unikal" Qazaxıstanın yerli KİV-nə istinadən xəbər verir ki, yeni fonda ölkənin keçmiş maliyyə naziri, tanınmış maliyyəçi Bolat Jamişev rəhbərlik edəcək.
Sözügedən fond səhiyyə, təhsil, sosial dəstək sahələrində problemlərin həlli ilə məşğul olacaq, özəl və dövlət mənbələrindən formalaşacaq. Bununla yanaşı, fond fövqəladə vəziyyətlərdə və fövqəladə vəziyyət rejimi tətbiq edildikdə xəsarət alan əhaliyə də kömək edəcək.
Eyni zamanda, “Qazaxıstan Xalqına” fondunun respublikanın ərazi bütövlüyü və təhlükəsizliyinin müdafiəsi zamanı həlak olan hüquq-mühafizə və xüsusi təyinatlı orqanların əməkdaşlarının, hərbi qulluqçuların ailə üzvlərinə də dəstək verməsi planlaşdırılır.
Xatırladaq ki, Tokayev yanvarın 11-i ölkə parlamentində çıxışı zamanı ictimai sosial fondun yaradılması ilə bağlı göstəriş verib.