Böyük Britaniyada real ÜDM noyabr ayında aylıq müqayisədə 0,9% artıb. Beləliklə, ölkədə real ÜDM-in həcmi COVID-19 pandemiyasından əvvəlki səviyyəni (2019-cu ilin fevral ayı) ilk dəfə üstələyib.
"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniya Milli Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, noyabrda ölkədə real ÜDM istehsalının həcmi pandemiyadan əvvəlki göstəricini 0,7% üstələyib. Noyabrda xidmət sektoru real ifadədə 0,7%, istehsal 1%, tikinti sektoru isə 3,5% artıb. Xidmət və tikinti sektorları hər ikisi pandemiyadan əvvəlki səviyyənin 1,3% keçsə də, istehsal böhrandan əvvəlki dövrün göstəricilərindən 2,6% geri qalır.
Statistika İdarəsi qeyd edir ki, məlumatlarda düzəlişlərin olmadığı halda, 2021-ci ilin IV rübündəki real ÜDM istehsalı da pandemiyadan əvvəlki sonuncu rübün (2019-cu ilin IV rübü) göstəricisini üstələyəcək.