“Azərişıq” ASC-nin sabiq əməkdaşı həbs edilib.
Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsinin keçmiş baş mühasibi İlham Hüseynovun qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırmalarla İlham Hüseynovun 2021-ci ilin iyul ayında əvvəllər tanımadığı Orxan Yusifovu Bərdə Elektrik Şəbəkəsində nəzarətçi-mühəndis vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vədlər verərək ondan 3 min manat məbləğində pul vəsaitini şəxsən alaraq öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etməsinə, həmçinin, bu əməli ilə Orxan Yusifovu rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, onun 2021-ci ilin avqust ayında təkrarən tamah niyyətilə tanışı Hafiz Həsənova da eyni cür vədlər verərək sonuncudan 4 min manat məbləğində pul vəsaitini alaraq öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib təkrarən dələduzluq etməsinə, həmçinin qeyrisini təkrarən rüşvət verməyə təhrik etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
İlham Hüseynov Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam edir.