"Dünən bununla bağlı mənə mesaj gəldi. Düşünürəm ki, kim olar? Təbii ki, bu, ancaq araqarışdıran AMEA-nın hüquq şöbəsinin müdiri Kamal Əliyevdir".
Bunu "Unikal"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri Elton Məmmədov deyib. O bildirib ki, K.Əliyev AMEA-nın Prezidenti Ramiz Mehdiyevin komandası ilə birgə hərəkət edir:
"Bu proseslər hamısı mənim işə bərpa olunmağımla bağlıdır. İndiyə qədər niyə vermirdilər məhkəməyə? Kamal Əliyev may ayından, yəni məndən sonra oraya gəlib. Mən heç onu tanımıram. Vaxt uzadırlar. Birbaşa şantaj xarakterli işlərdir. Bununla məni məhkəmə iddiasından əl çəkməyə məcbur etmək istəyirlər. Kamal Əliyev özü cinayətkar dəstənin üzvüdür. Bakı Hərbi Məhkəməsində hakim olub. O, "Tərtər işi"ndə bizim əsgər və zabitlərimizə qarşı ədalətsiz qərarlar çıxaran şəxsdir".
Qeyd edək ki, E.Məmmədov vəzifəsindən azad edildikdən sonra AMEA-nı məhkəməyə verib və məhkəmə onun işə bərpa olunması haqda qərar çıxarıb. Daha sonra AMEA qərardan apellyasiya şikayəti verib.
Murad İbrahimli
***
09:46
Sabiq deputat Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət olunub.
"Unikal" xəbər verir ki, şikayətçi E. Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.
Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın icraatına verilib. Məhkəmənin ilkin baxış iclası fevralın 2-ə təyin edilib.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.