"“Dini etiqad azadlığı haqqında” qanununda bir sıra dəyişiklərin edilməsi dini fəaliyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və sistemləşdirilməsi məqsədi daşıyır".
"Unikal" xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, bu gün müsəlman ölkələrində cərəyan edən proseslərin təhlili bir sıra hallarda həmin ölkələrdə sabitliyi pozmaq üçün din amilindən məharətlə istifadə olunduğunu göstərir:
"Hazırda müsəlman ölkələrinin qarşısında duran mühüm vəzifələrdən biri dini təhlükəsizliyin təmin edilməsidir. Bəzi müsəlman ölkələri bu sahədə uğurlu siyasət həyata keçirə bilsələr də, qarşımızda bir çox uğursuz nümunələr də var. Bu acı reallıqlardan ciddi nəticə çıxarmalı və gələcəkdə bu kimi hallardan sığortalanmaq üçün mühüm addımlar atmalıyıq. Bu baxımdan sözügedən Qanuna edilən dəyişikliklər xüsusi əhəmiyyət daşıyır. Qanuna əsas dəyişikliklərin biri qeydiyyat prosesi ilə bağlıdır. Əvvəlki dövrdə sənədlər dini icmalar tərəfindən dini mərkəzlərə, sonra isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) təqdim olunurdu. Son dəyişikliklərə əsasən sənədlər birbaşa müvafiq mərkəzi icra hakimiyyətinə təqdim ediləcək. Əvvəlki dövrlərdə sənədlərin dini mərkəzə sonra DQDK-a təqdim olunması bir sıra hallarda prosesin obyektiv və subyektiv səbəblərdən uzanmasına gətirib çıxarırdı. Dəyişiklik qeydiyyat prosesinin sürətlənməsinə təkan verəcək".
Deputat bildirib ki, digər mühüm dəyişiklik dini ibadət yerlərinə din xadimlərinin təyinatı ilə bağlıdır:
"Dünyanın bir çox ölkələrində dini ibadət yerlərinə din xadimlərinin təyinatını dövlət özü həyata keçirir. Buna misal olaraq bizə dost və qardaş ölkə Türkiyənin təcrübəsini göstərə bilərik. Nəzərə almaq lazımdır ki, din həm də təhlükəsizlik məsələsidir. Hazırda Azərbaycanda elə məscidlər var ki, Cümə günləri oraya 10 min insan toplaşır. Bu insanlara xitab edənlərin yüksək dini bilikləri və dövlətçilik mövqelərinin olması çox önəmlidir. Dini ibadət yerlərinə təyin olunan din xadimləri mütləq ciddi süzgəclərdən keçirilməlidir. Digər mühüm bir dəyişiklik dini qurumlara ianələrlə bağlıdır. Dəyişikliklər ianələrin həm nəğd, həm də elektron qaydada qəbulunu nəzərdə tutur. Hesab edirəm, bu dəyişiklik də sözügedən sahədə hesabatlılığın və şəffaflığın təmin olunmasına öz töhfəsini verəcək. Cəmiyyətdə nəzir qutularına verilən ianələrin taleyi ilə bağlı zaman-zaman müxtəlif müzakirələr gedirdi. Hazırda "YAŞAT" Fondunun nümunəsi var. Hesab edirəm, belə bir sistem quraraq vəsaitin şəffaflığını və hesabatlılığını təmin edə bilərik".