Bərdə Suvarma sistemləri İdarəsi tərəfindən rayon ərazisində suvarmanın mütəşəkkil aparılması, suvarma suyunun su istifadəçilərinə itkisiz çatdırılması istiqamətində son illər xeyli işlər görülüb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "Unikal"a bildirib ki, rayon ərazisində yerləşən və suvarmada önəmli yerə malik olan Zümrüxan Su Anbarına 2020-ci ilə qədər kifayət qədər su toplana bilmirdi. Səbəb isə anbarı qidalandıran Suqovuşan Su Anbarının düşmən işğalı altında olması idi. Artıq həm Suqovuşan öz azadlığına qovuşub, həmdə Zümrüxan su anbarı kifayət qədər su ilə qidalana bilir.
Bərdə Suvarma Sistemləri idarəsi Bərdə rayonunun 63400 hektardan artıq əkin sahəsinin suvarma suyu ilə təmin edilməsinə xidmət edir. Əsas suvarma mənbələri isə Yuxarı Qarabağ Kanalı, Tərtər çayı, Kür çayı və subartezian quyularıdır. Əkin sahələrinin suvarma suyu ilə təminatı öz axımı və mexaniki üsulla həyata keçirilir. Öz axımı ilə 39510 hektar, mexaniki üsulla isə 23895 hektar sahə suvarma suyu ilə təmin olunur. Mexaniki üsulla suvarma 15 ədəd nasos stansiya və 866 ədəd subartezian quyusu vasitəsi ilə aparılır. Rayon ərazisində fermerlər tərəfindən istifadə olunan əkin sahələrinin suvarılmasını mütəşəkkil və daha itkisiz aparılması üçün idarənin balansında olan torpaq məcralı kanallar beton üzlüyə alınıb və bu işlər növbəti illərdə də davam edəcək.
Qeyd edək ki, Bərdə Suvarma Sistemləri İdarəsi tərəfindən ötən il bir sıra tədbirlər görülüb. Belə ki, 218 ədəd hidroxeniki qurğu təmir olunub, torpaq məcralı kanallar beton üzlüyə alınıb, uzun müddət istifadə olunub yararsız vəziyyətə düşən beton kanalda əsaslı təmir işləri aparılıb. Bundan başqa 58 km kollektor- dren şəbəkəsi lildən təmizlənib, 2 ədəd nasos stansiyanın 4 aqreqatlı Şəhriyar və 3 aqreqatlı Mirzəxan nasos stansiyalarının elektirik avadanlığı müasir standartlara cavab verən avadanlıqlarla əvəz olunub.