Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev fransalı tarixçi və politoloq Maksim Qaunu qəbul edib.
"Unikal" xəbər verir ki, qonağa Ermənistanın deportasiya və işğalçılıq siyasəti nəticəsində 1988-1993-cü illərdə qaçqın və məcburi köçkün vəziyyətinə düşən azərbaycanlıların üzləşdikləri çətinliklər, onların problemlərinin həlli ilə bağlı dövlətimizin həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib.
Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqaməti kimi bu kateqoriyadan olan insanlara daim diqqət və qayğı göstərildiyi bildirilib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, təhsil imkanlarının genişləndirilməsi, sağlamlığının qorunması üçün zəruri iş apardığı qeyd olunub.
Qonağa 44 günlük Vətən müharibəsindən sonra yaranmış reallıqlar, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri, minalardan təmizlənmə, təhlükəsiz və dayanıqlı məskunlaşma üçün zəruri olan fəaliyyətlərin icra edildiyi bildirilib. Qeyd olunub ki, Ermənistanın hərbi təyinatı olmayan torpaqları belə minalaması əhalinin təhlükəsizliyinə təhdiddir və qayıdış prosesini ləngidir. Nəzərə çatdırılıb ki, könüllülük prinsipi ilə həyata keçiriləcək qayıdış prosesi həmin ərazilərdə təhlükəsiz və layiqli həyat şəraiti təmin edildikdən sonra başlanacaq. Prezidentin tapşırıqlarına əsasən, hazırda dövlət qurumları bununla bağlı məsələləri həll etmək məqsədilə əlaqəli fəaliyyət göstərirlər.
Fransalı tarixçi və politoloq Maksim Qaun səfərin məqsədi haqqında məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.