“Azərsu” ASC Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə zonası kimi tanınan III yaşayış massivində yeni içməli və tullantı su şəbəkələri yaradır.
Bu barədə "Unikal"a qurumdan bildirilib.
Məlumatda deyilir ki, bu işlər Tədbirlər Planına uyğun olaraq həyata keçirilir, əhalinin primitiv və pərakəndə çəkdiyi xətlər ləğv edilərək mərkəzləşdirilmiş sistemlə əvəzlənir.
3-cü yaşayış massivinin əksər hissəsində mərkəzləşdirilmiş içməli su və kanalizasiya şəbəkəsi mövcud olmayıb. Əhalinin çəkdiyi su xətləri istismar tələblərinə cavab vermir, tez-tez qəzalara səbəb olurdu. Burada kanalizasiya şəbəkəsi mövcud olmadığından tullantı suları əsasən septik qurğulara və şambolara axıdılırdı. Bütün bunlar nəzərə alınaraq ərazidə içməli su və kanalizasiya şəbəkələrinin tamamilə yenidən qurulmasına qərar verilib. 2019-2020-ci illərdə ərazidə 15 km içməli, 20 km tullantı su xətləri inşa edilib. Ötən ilin sonlarından etibarən layihənin davamı kimi 1,8 km içməli su və 2 km tullantı su şəbəkəsinin inşasına başlanılıb. Hazırda 140 ünvana ev birləşməsinin verilməsi işləri davam etdirilir.
Yeni şəbəkə yaradılmış ərazilərdə septik qurğular və şambolar ləğv edilərək evlərin kanalizasiya xətləri mərkəzləşdirilmiş şəbəkəyə qoşulur. Layihə üzrə işlərin fevral ayında başa çatdırılması nəzərdə tutulur. Kanalizasiya şəbəkəsinin tikintisi yekunlaşdıqdan sonra sürüşmə zonası təhlükəsi olan bu ərazidə tullantı sularının axıdılması mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.
Badamdar qəsəbəsinin 1-ci və 2-ci yaşayış massivlərinin içməli su təchizatı və kanalizasiya sistemləri isə Azərbaycan höküməti və Səudiyyə İnkişaf Fondu ilə birgə həyata keçirilmiş layihə çərçivəsində yenidən qurulub. Layihə çərçivəsində 45 km içməli, 28 km tullantı su şəbəkələri inşa edilib.