Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğı xüsusi yer tutub. Ulu Öndər bildirirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Dahi şəxsiyyət respublika rəhbərliyinə gəldiyi ilk vaxtdan öz siyasətində gənclərə mühüm yer ayırdı və onların himayədarı kimi çıxış etdi. Dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi üçün ilk baxışdan daha zəruri görünən sahələrdə ciddi durğunluğa, özbaşınalığa və anarxiyaya baxmayaraq, Ulu Öndər bir çoxlarına o dövrün kontekstində elə də vacib görünməyən sahələrdə də inkişafın vacibliyini dərk edirdi. Uzun illərin idarəçilik təcrübəsinə və uzaqgörənliyinə sahib Ümummilli Lider yaxşı bilirdi ki, Azərbaycanın müstəqilliyinin və gələcək inkişafının əsas təminatçıları məhz onun gəncləridir. Bunu dövlət siyasətinin prioritetinə çevirən ümummilli lider Heydər Əliyev 1993-cü ilin sentyabrında gənclərlə ilk görüşünü keçirdi. Həmin görüş gənclərin gələcək həyatında örnək oldu. Ulu Öndər gənclərin qarşılaşdığı problemlərlə yaxından maraqlandı və gənc nəslə müstəqil Azərbaycanda veriləcək böyük diqqətin ilk əlamətlərini nümayiş etdirdi.
Bu fikirləri "Unikal"a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.
Hüquq müdafiəçisi bildirib ki, gənclər siyasətinin vahid mərkəzdən dəstəklənib istiqamətləndirilməsinin zəruriliyini dəyərləndirərn Prezident Heydər Əliyev 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyini təsis etdi. Bundan sonra Ulu Öndər Azərbaycan gəncliyinə qayğı və diqqətin artırılması istiqamətində lazımi tədbirləri müəyyənləşdirmək üçün Azərbaycan Gəncləri Forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin ilk forumu keçirildi. Forumda şəxsən iştirak edən Ümummilli Lider gənclərin bütün problemlərini və təkliflərini diqqətlə dinlədikdən sonra onların müstəqil Azərbaycan qarşısında vəzifələrini belə ifadə etmişdir: “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır”. Ümummilli Lider tərəfindən gənclər siyasəti ilə bağlı əsası qoyulmuş digər bir ənənə isə onun 1997-ci il 1 fevral tarixli Sərəncamı ilə hər il fevralın 2-sinin Azərbaycan Gənclər Günü elan etməsidir. Zəngin təcrübəyə arxalanaraq dövlət gənclər siyasətinin məqsədlərini və fəaliyyət istiqamətlərini konkret bir hüquqi çərçivəyə salmaq üçün Milli Məclis tərəfindən “Gənclər siyasəti haqqında” qanun qəbul edildi və Prezident Heydər Əliyevin 2002-ci il 6 may tarixli Sərəncamı ilə təsdiq olundu.
Ç.Qənizadə ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə gəncliyin inkişafında yeni mərhələnin əsasının qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə böyük inkişaf yolu keçən müstəqil Azərbaycan tarixdə olmadığı qədər qüdrətli dövlətə çevrilib. Bu işdə gənclərimizin xidməti danılmazdır. Ötən illərdə dövlət gənclər siyasəti də müvafiq dövlət proqramlarının və qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəlib. Prezident İlham Əliyev 2007-ci ili ölkədə “Gənclər İli” elan etməklə gənclərin inkişafına nə qədər böyük önəm verdiyini nümayiş etdirib. Həyata keçirilən düzgün müəyyənləşdirilmiş dövlət siyasətinin nəticəsidir ki, gənc nəsil respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir. Vətən müharibəsi başlayanda on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə müraciət edərək cəbhəyə könüllü getmək arzusunda olduqlarını bildirdilər. Bu, yetişən gənc nəslidə hərbi vətənpərvərlik ruhunun yüksək səviyyədə olmasından xəbər verirdi. Bu müraciətlər, eyni zamanda, gənclərimizin vətənpərvərlik ruhunun hesabatı idi.
Gənclərimizin döyüş meydanında misilsiz vətənpərvərlik nümunələri göstərdiklərini qeyd edən Ç.Qənizadə bildirib: “Müharibə zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına dərhal cavab verən on minlərlə gəncimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz təmin olundu və 30 il işğal altında qalmış torpaqlarda Azərbaycan bayrağının dalğalandırılmasına nail oldular. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı. Qırx dörd günlük müharibədə Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələnlərin böyük əksəriyyətini də məhz gənclər təşkil etdi. Prezident, Ali Baş Komandan İlham Əliyev şanlı Qələbənin qazanılmasında gənclərin qəhrəmanlığını xüsusi vurğulayaraq deyib ki, bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, ancaq əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”.