COVID-19-a yoluxan və vəziyyətləri ağırlaşdığı üçün Kliniki Tibbi Mərkəzə yerləşdirilən iki hamilələrdən biri üçəm, digəri isə dördəm dünyaya gətirib.
Kliniki Tibbi Mərkəzdən "Unikal"a verilən məlumata görə, yanvarın 26-da mərkəzə gətirilən 44 yaşlı hamilə qadının vəziyyəti daha da ağırlaşdığı üçün reanimasiyaya yerləşdirilib:
"Daha sonra həkimlər 30 həftə 6 günlük olan hamiləliyin sonlaşdırılması qərarını alıb və 4 gün sonra yanvarın 31-də qeysəriyyə əməliyyatı ilə üçəmlər dünyaya gəlib. Üçəmlərin hər biri qızdır. Çəkiləri 1 200, 1 180, 755 qram olub. Hazırda onların üçü də küvəzdədir. İkisinin vəziyyəti stabil, birinin vəziyyəti isə ağır olaraq qalır.
31 həftəlik 22 yaşlı hamilə qadın isə fevral ayının 1-də Mərkəzə yerləşdirilib. Onun da vəziyyəti orta-ağır olduğu üçün təcili olaraq əməliyyata alınıb və dördəmləri dünyaya gəlib. Dördəmlərdən üçü qız, biri oğlandır. Onların çəkiləri 1 340, 1 440, 1 250 və 1 300 qram olub. Hazırda ikisinin vəziyyəti sabit, ikisinin vəziyyəti isə ağır olaraq qalır".