Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi əraziləri işğaldan azad edilmiş rayonlardan olan gənclərin və rayonların gənclər və idman idarələrinin əməkdaşlarının iştirakı ilə “Qarabağlı, Zəngəzurlu gəncliyimiz” adlı onlayn rejimdə videokonfrans keçirib.
"Unikal" xəbər verir ki, 2 fevral Azərbaycan Gəncləri Gününə həsr olunan tədbirdə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxış edərək bildirib ki, ölkəmizdə gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin 1997-ci ildə imzaladığı sərəncamla hər il fevral ayının 2-nin "Gəncləri günü” kimi qeyd olunması Azərbaycan gəncliyinə dövlət qayğısının bariz nümunəsidir.
Prezident İlham Əliyev tərəfindən bu siyasət, dövrün tələblərinə uyğun olaraq, daha da təkmilləşdirilərək uğurla davam etdirilir. Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fəallıq göstərir edir, müxtəlif beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edirlər. Gənclərlə bağlı qəbul edilmiş qanunlar, Dövlət Proqramları və digər normativ aktlar onların məşğulluğunun artırılmasına, rifahın yüksəldilməsinə imkan verir. Gənclərlə bağlı dövlət siyasətində qaçqın və məcburi köçkün gənclərə diqqət və qayğı xüsusi yer tutur. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkün gənclərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşdığı qeyd edilib.
44 günlük Vətən müharibəsində Zəfərin qazanılmasında gənclərin göstərdiyi qəhrəmanlıqlar qürur hissi ilə xatırlanıb, torpaqlarımızın azadlığı uğrunda şəhid olanlar dərin ehtiramla yad edilib.
Tezliklə başlanacaq Böyük Qayıdış məcburi köçkünlük yaşamış gənclərə doğma yurdun canlanmasına və inkişafına töhfələr vermək imkanı qazandıracaq. Bildirilib ki, keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsi üçün dövlət tərəfindən mühüm tədbirlər görülür. Həyata keçirilən işlər nəticəsində həmin ərazilər ölkəmizin ən abad guşələrindən birinə çevriləcək.
Daha sonra Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov çıxış edərək bildirib ki, gənclərin təhsil, sağlamlıq və məşğulluq məsələləri ilə bağlı Dövlət Proqramları, dövlətin diqqət və qayğası nəticəsində sağlam, savadlı gənclər yetişib. Azərbaycan kadr potensialı, iqtisadi və sosial sahədə icra edilən layihələrlə öz sözünü deyib. Ölkəmizin təhlükəsizliyinin təmin edilməsində, ərazi bütövlüyünün müdafiəsində gənclərin mühüm rolu vardır.
Şuşa şəhərindən Toğrul Babazadə, Zəngilan rayonundan Ülkər Yusifova, Laçın rayonundan Orxanpaşa İbadov, Xocalı rayonundan Elmin Abdullayev, Ağdam rayonundan Elnur Əhmədov çıxış ediblər. Onlar işğaldan azad edilmiş ərazilərin dirçəlməsi, cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.