Güclü küləyin Azərbaycan ərazisinə düşürdüyü bayraq İrana qaytarılıb.
Bu barədə "Unikal"a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, fevral ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti sahəsində İran İslam Respublikasının dövlət bayrağının güclü küləyin təsirindən Azərbaycan Respublikasının ərazisinə düşməsi sərhəd naryadı tərəfindən aşkarlanmışdır.
İİR dövlət bayrağı ərazidən götürülərək sərhəd bölməsinə gətirilmiş, Azərbaycan Respublikasının və İran İslam Respublikasının sərhəd mühafizə qurumları arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olması ilə əlaqədar müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə dərhal məlumatlandırılmışdır.
Fevral ayının 2-də dövlət bayrağı qarşılıqlı hörmət şəraitində zəruri qaydalara riayət olunmaqla İran sərhədçilərinə təhvil verilmişdir.