Mən imkan daxilində hamıya, gənclərə isə, əlbəttə, maksimum dərəcədə idmanla məşğul olmağı məsləhət görürəm. Ona görə ki, bu, sağlamlıq üçün, ilk növbədə cəmiyyət üçün faydalıdır.
"Unikal" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə gənclərin suallarını cavablandırarkən bildirib.
“Məsələn, elə həmin Vətən müharibəsini götürək. Axı aşağıdan yuxarıya, özü də tam geyinmiş halda avtomatlarla təchiz olunmuş şəkildə dırmaşmaq və yuxarıdan hər şeyə nəzarət edən düşmənə qalib gəlmək üçün çox böyük, inanılmaz fiziki qüvvə tələb olunurdu”, - deyən dövlətimizin başçısı onu da əlavə edib ki, təkcə Daşaltıdan Şuşaya piyada getmək, necə deyərlər, böyük sınaqdır. “Amma sənin üstünə avtomatlardan, pulemyotlardan, tanklardan atəş yağdırılırsa, mənəvi və fiziki ruh yüksəkliyi lazımdır. Bu, mənəvi və fiziki ruhun birliyidir. Bəs əgər bizim gənclər hazırlıqsız olsaydı, əgər onlar fiziki cəhətdən zəif olsaydı, bacarardılarmı? Bacarmazdılar”.
Prezident İlham Əliyev bildirib ki, idman təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünəinamdır, iş qabiliyyətidir, mənəvi vəziyyətdir.
“Sevimli idman növü məsələsinə gəldikdə isə, deməliyəm, yəqin dəniz sahilində böyümüş insan üçün təbii ki, bu, üzgüçülükdür. Mən şadam ki, indi Azərbaycanın demək olar hər bir şəhərində üzgüçülük hovuzu var. Mənim fikrimcə, bu, həm sağlamlıq üçün, həm də mənəvi vəziyyət üçün ən yaxşı idman növüdür”, - deyə dövlətimizin başçısı vurğulayıb.