“Unikal”ın gənc əməkdaşı Ağarza Elçinoğlu cənab prezident İlham Əliyevin də çıxış etdiyi Azərbaycan gəncləri gününün 25 illiyinə həsr olunmuş gənclər forumunda iştirak edib. Prezidentlə görüşdən sonra o, təəssüratlarını bizimlə bölüşüb.
- Cənab prezident İlham Əliyevin dünənki gənclər forumundakı tövsiyələri barədə nə deyə bilərsiniz?
- Cənab prezidentin gənclər forumunda təbrik nitqi qısa oldu. Forumda əsas hissə gənclərin onunla sual-cavabına ayrıldı. Düşünürəm ki, prezidentin gənclərə güvənməsi, gələcəyi onların sərəncamına vermək istəməsi doğru addımdır. Buna görə də o, forum zamanı gənclərin verdiyi təklifləri, onların sual və xahişlərini diqqətlə dinləyərək nəzərə aldı. Bundan əlavə, Prezident İlham Əliyev bizlər üçün bir sıra tövsiyələr səsləndirdi. İdmanla məşğul olmaq, hətta siqaret kimi pis vərdişlərdən uşaqlaşmağı sağlam gənclik üçün nümunəvi addım kimi qeyd etdi.
- Azad düşüncəli qələm əhli kimi ölkə başçısının hansı fikirləri yaddaşınızda qaldı?
- Prezident gənclərin asanlıqla mövqe dəyişə bilməsindən, hansısa siyasi və ya dini təşkilatların qara düşüncələrinə qapılmasından da söz açdı. Hazırda ölkəmizdə dini təbliğata həddən çox yol verilir. Sanki kimsə onları Şeyx Nəsrullah kimilərinin dövrünə çəkmək istəyir. Bu xüsusda prezidentin gənclərə xəbərdarlığı və tövsiyələri yadımda qalan amillərdən oldu.
- Forumda Prezidentin şəhid general-mayor Polad Həşimovla bağlı fikirləri sizdə hansı təəssüratları yaratdı?
- Şəhid generalımız Milli Qəhrəman Polad Həşimovun qızı Aybəniz xanımın şəhid ailələrinə göstərdiyi dəstək və qayğı üçün təşəkkürü zamanı prezidentin də generaldan danışarkən kövrəlməsi forumun ən duyğusal anlarından biri oldu. Polad Həşimovun hələ sağlığında prezidentin diqqətində olması, onun hərbi xidmətlərinin layiqincə qiymətləndirilməsi və şəhadətindən sonra unudulmaması bir gənc olaraq məndə çox xoş fikirlər formalaşdırdı. Çünki xalq şəhidləri ilə ucalır, onların qanı bahasına qazanılmış müstəqil ölkədə yaşayır.
Seymur Əli