Gələcəkdə Azərbaycan və Türkiyə vətəndaşları qarşılıqlı şəkildə icbari tibbi sığortanın tərkibinə aid olan xidmətlərdən istifadə edə biləcəklər.
"Unikal" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev deyib.
Agentlik sədri bildirib ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də sıx əməkdaşlıq edilir:
"Qazilərimizə yardımın gücləndirilməsi ilə bağlı Türkiyə xəstəxanaları ilə işlərimiz davam edir. Pandemiya dövründə Azərbaycan ilə Türkiyə arasında çox səmərəli əməkdaşlıq oldu. Azərbaycanın vaksinləri əldə etməsində Türkiyənin böyük rolu olub. Türkiyə istehsalı olan vaksinin 3-cü faza sınaq mərhələsinin də Azərbaycanda keçirilməsi ilə bağlı danışıqlar olub".