Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun ikinci iclası Şuşa şəhərində keçirilib.
"Unikal" xəbər verir ki, ilk iclas yanvar ayında Bakı şəhərində keçirilib. İşçi qrupa "Azərsu" Səhmdar Cəmiyyətinin, "Meliorasiya və Su Təsərrüfatı" Səhmdar Cəmiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Şuşa şəhəri üzrə xüsusi nümayəndəliyin ekspertləri və müxtəlif şirkətlərin nümayəndələri daxildir. İlk iclasda bu istiqamətdə araşdırmaların aparılması ilə bağlı qərar verilib.
Şuşa şəhərində keçirilən iclasda işlərin gedişi müzakirə olunub. Bildirilib ki, Şuşa şəhərinin dayanıqlı 24 saat su ilə təmin olunması məqsədilə mövcud olan iki mənbə - Zarıslı və Kiçik Kirs su mənbələri ilə yanaşı yeni bir mənbədən Zarıslı çayının ehtiyyatlarından istifadə olunsun. Bu məqsədlə ilkin olaraq çayın Şuşa şəhərinə yaxın keçən hissəsinin yaxınlığında su anbarının tikintisi nəzərdən keçirilir. Eyni zamanda həmin anbardan nasos stansiyanın qurulması da Şuşa şəhərinə və Daşaltına şəhərinə suyun ötürülməsini təmin edəcək.
Mütəxəssislərin hesablamalarına görə, indiki mənbələrdən, yalnız iki mənbədən istifadə olunsa artıq ilin müəyyən dövrlərində su çatışmazlığı müşahidə olunacaq. Alternativ mənbə olaraq Zarıslı çayının su ehtiyatlarından istifadə olunması planlaşdırılır. Bununla bağlı ilkin layihə sənədləri hazırlanacaq.