Xəbər verdiyimiz kimi, son günlər ərzində Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri külli miqdarda mənimsəmə ittihamları ilə həbs ediliblər. Cəmiyyətdə isə Müdafiə Nazirliyində baş verən bu hadisələrin günahkarının Müdafiə naziri Zakir Həsənov və sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov olduğuna dair fikirlər səsləndirilir.
Məsələ ilə bağlı Ümid Partiyasının sədri İqbal Ağazadə "Unikal"a açıqlamasında kimin günahkar olduğunu istintaqın müəyyənləşdirəcəyini bildirib:
"Amma hər halda həbs edilən şəxslər həmin dövrdə kiminlə işləyiblərsə və cinayət hansı dönəmi əhatə edirsə, həmin dövrdə işləyənlərin hamısı, əsas da Müdafiə Nazirliyində olan rəhbər şəxslər günahkardırlar. Bu barədə ciddi bir söz demək istəmirəm. İstintaqın yekunlaşmasını gözləyirəm. Çox istərdim ki, istintaq obyektiv aparılsın.
Hesab edirəm ki, bu məsələni cəmiyyətin ictimai rəyə istiqamətləndirmək düzgün olmaz. Təqsirli olan şəxslərin hamısı öz cəzasını almalıdır. Azərbaycan xalqının cibinə girmək, büdcəni talamaq, xüsusilə də bunu müharibə şəraitində olan bir dövlətin Müdafiə Nazirliyində etmək çox ağır bir məsələdir".
Murad İbrahimli