Özünü “Vətən müharibəsi əlillərinə kömək” ictimai birliyinin sədri kimi təqdim edərək müharibə əlillərinin adından istifadə edən şəxs inzibati qaydada həbs olunub.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, özünü “Vətən müharibəsi əlillərinə kömək” ictimai birliyinin sədri kimi təqdim edən, əvvəllər Cinayət Məcəlləsinin 178.3.2, 178.3.2, 310 və 320-ci maddələri ilə məhkum olunmuş 1970-ci il təvəllüdlü Məmmədov Qurban Məmməd oğlu bu il fevralın 1-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində qanunsuz tikinti aparmaq məqsədilə dövlət mülkiyyətində olan 10 sot torpaq sahəsini hasara alaraq zəbt edib.
Bununla əlaqədar fevralın 3-də polis əməkdaşları və aidiyyəti dövlət qurumları tərəfindən qanunsuz tikilinin qarşısı alınıb və Q.Məmmədova xəbərdarlıq edilib. Lakin, bu xəbərdarlıqdan nəticə çıxarmayaraq fevralın 19-da Q.Məmmədovun təşkilatçılığı ilə özlərini Vətən müharibəsinin iştirakçısı kimi təqdim edən bir qrup şəxs qeyd olunan əraziyə gələrək qanunsuz tikinti işlərini davam etdirməyə cəhd ediblər. Bu zaman polis əməkdaşları tərəfindən tikintinin qarşısı alınarkən onlar dövlət nümayəndələrinə hədə-qorxu gələrək ünvanlarına nalayiq ifadələr işlətməklə onları təhqir etmiş və tabesizlik göstəriblər.
Araşdırma zamanı Q.Məmmədov qanunsuz zəbt etdiyi torpaq sahəsinə dair heç bir rəsmi sənəd təqdim edə bilməyib və qanunsuz tikintini davam etdirməkdə israr edib. Q.Məmmədov saxlanılıb və barəsində İXM-nin 535-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola fevralın 22-də Nizami rayon məhkəməsində baxılaraq o, 30 gün müddətinə inzibati qaydada həbs edilib.