Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkəsinin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara qoşulmaqdan niyə imtina etdiyinə aydınlıq gətirib.
"Unikal" xəbər verir ki, o, Gürcüstan sanksiyalara qoşularsa, bunun, gürcü şərabçılığına, ixracatçılarına və təsərrüfatlarına ağır zərbə vuracağını, turizmin zərər görəcəyini və ölkənin milli maraqlarına xələl gətirəcəyini bildirib.
"Söhbət sanksiyalara gəldikdə, minlərlə şərabçı, ixracatçı, fermer mənə müraciət edir. Məndən nə tələb edirlər? Mənim xalqımı sanksiyalara sürükləməkmi? Ona görə də bu lazımsız emosiyalar heç nə verməyəcək və milli maraqlarımıza xələl gətirəcək", - Gürcüstanın baş naziri bildirib.
Qaribaşvili əlavə edib ki, Gürcüstandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 2 milyard dollara, digər məhsulların ixracı isə 3 milyard dollara çatıb. Turizm sayəsində Gürcüstan son beş ildə 3 milyard dollar qazanıb və Gürcüstana 5 milyondan çox rusiyalı turist gəlib.
Ağarza Elçinoğlu