Estoniyanın Baş naziri Kaya Kallas Ukrayna hadisələri ilə əlaqədar Rusiyanın sərbəst dünyadan təcrid edilməli olduğunu bildirib.
“Unikal” “RİA Novosti”yə istinadən xəbər verir ki, çərşənbə axşamı Kallas Tallində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşüb. Tərəflər Avropada təhlükəsizlik və Ukraynaya dəstək məsələlərini müzakirə ediblər.
Kallas hesab edir ki, indi Ukraynanı siyasi, humanitar, iqtisadi və hərbi mənada dəstəkləmək lazımdır. “Rusiya sərbəst dünyadan təcrid olunmalıdır. Biz yeni reallığa uyğunlaşmalı və öz müdafiəmizlə bağlı müvafiq qərarlar qəbul etməliyik”, - o, Tallində birgə mətbuat konfransında deyib.
Kallas həmçinin Rusiya və Belarus üçün SWIFT-i bağlamaq, kriptovalyuta ilə işi məhdudlaşdırmaq zərurətini qeyd edib.
“Həmçinin Rusiya üçün hava məkanını və dəniz limanlarını bağlamaq lazımdır”, - o əlavə edib.
Kallasın sözlərinə görə, hazırda Rusiyaya qarşı daha bir sanksiyalar paketi hazırlanır.