Polşanın hakimiyyət orqanları martın 16-dan etibarən ölkədə qalmaq istəyən ukraynalı qaçqınların qeydiyyatı prosesinə başlayacaq.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa daxili işlər nazirinin müavini Pavel Şefernaker mətbuat konfransında deyib.
Qeydiyyat prosesinin regional hakimiyyət orqanları tərəfindən həyata keçiriləcəyini qeyd edən P.Şefernaker, həmçinin qaçqınları evlərində qəbul edən polyakların martın 16-dan etibarən hər qaçqına görə gündə 40 zlotı (təxminən 9 dollar) maliyyə yardımı almaları üçün müraciət edə biləcəklərini deyib.
Polşa hakimiyyəti, eyni zamanda, qaçqınlara xüsusi qatarlarla Almaniya və Çexiyaya getmək imkanı təklif edir. Bu həftənin sonundan başlayaraq Mərkəzi Avropaya adi qatarlardan əlavə xüsusi qatarlar da göndəriləcək. Həmçinin Qərbi Avropaya avtobusla da getmək mümkün olacaq.