Rusiya ordusunun Ukraynaya müdaxiləsi davam edərkən, Rusiya lideri Putinə ən yaxın adlardan biri olan Milli Qvardiyanın Baş Komandanı Viktor Zolotov Pravoslav Kilsəsində etdiyi çıxışda bəzi açıqlamalar verib.
"Unikal" xəbər verir ki, Zolotov çıxışında Kremldəki rəsmi müzakirələrin əksinə olaraq, Ukraynada hərbi əməliyyatlar gözlənildiyindən də ləng getdiyini söyləyib.
“Əslində hər şey istədiyimiz kimi inkişaf etmir. Amma qələbənin Rusiyada olacağına inanıram", - deyə ifadə edib.
Putin və digər Rusiya rəsmiləri Ukraynada 19-cu gününə qədəm qoyan əməliyyatın “plan üzrə davam etdiyini” iddia edirlər. Rusiyanın müdafiə naziri Sergey Şoyqu da ötən cümə günü verdiyi açıqlamada əməliyyatda gözlədikləri uğura nail olduqlarını bildirib.
Qərb hərbi rəsmiləri və kəşfiyyat ekspertləri isə Rusiya ordusunun Ukraynada ciddi itkilər verdiyini və irəliləməkdə çətinlik çəkdiyini bildirirlər. Ukrayna Müdafiə Nazirliyi “Rusiyanın müharibədə 12 mindən çox əsgərini itirdiyini” iddia edir. Nazirlikdən verilən son açıqlamada, “Rusiya 12 mindən çox hərbi qulluqçu, 1249 zirehli hərbi maşın, 617 hərbi nəqliyyat vasitəsi, 77 təyyarə, 150 artilleriya sistemi, 60 yanacaq tankeri, 90 helikopter, 34 hava hücumundan müdafiə sistemi, 8 Pilotsuz Uçuş Aparatı 389 tank, 64 çoxbarelli reaktiv yaylım atəşi sistemi və 3 gəmi itirdi",- deyə qeyd olunub.