Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü Mixail Podolyak müharibənin dayandırılması məqsədilə aparılan prosesin gedişi ilə bağlı açıqlama verib.
"Unikal" xəbər verir ki, onun sözlərinə görə, Ukrayna tərəfi öz mövqeyindən əl çəkməyib.
Bu barədə o, “Telegram” kanalında yazıb.
Prezident Aparatı rəhbərinin müşaviri bildirib ki, Rusiya nümayəndələrinin Ukrayna ilə danışıqlarla bağlı bəyanatları yalnız Rusiya tərəfinin mövqeyini əks etdirir və mediada gərginlik yaratmaq məqsədi daşıyır.
“Rusiya tərəfinin bəyanatları yalnız onların tələbləridir. Bu bəyanatlar digər məsələlərlə yanaşı, mediada gərginlik yaratmaq məqsədi daşıyır. Bizim mövqelərimiz dəyişməzdir: Atəşkəs, qoşunların çıxarılması və ciddi təhlükəsizlik təminatları”, - Podolyak vurğulayıb.
Qeyd edək ki, bu gün Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski danışıqların gedişi ilə bağlı bir sıra açıqlamalar verib. O, Ukraynanın “neytral statusu” ilə bağlı “mövqelərin yaxınlaşması”nı iddia edib. Eləcə də Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı nüansları açıqlayıb.