Türkmənistanın Marı vilayətinin yol polisi şəxsi taksi sürücülərindən avtomobillərinin ön şüşəsində yeni prezident Serdar Berdiməhəmmədovun portretinin daşınması üçün xüsusi lisenziyanın əlavə olmasını tələb edib.
"Unikal" xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun türkmən xidməti yazır.
Martın 19-da Türkmənistanın yeni prezidentinin andiçmə mərasimi keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyası beynəlxalq müşahidəçilərin iştirakı olmadan keçirilən növbədənkənar seçkilərdə Serdar Berdiməhəmmədovun 72,97 faiz səslə qalib gəldiyini açıqlayıb.
Qəzet qeyd edir ki, kiçik Berdiməhəmmədov and içdikdən sonra bütün ölkə üzrə prezidentin portretləri yenilənməyə başlayıb.
"Şəxsi avtomobillərimizdə taksi işarələrinin olması qadağandır. Ona görə də maşının şüşəsinə yeni prezident Sərdarın portretini yapışdırsanız yaxşı olar. Ona görə də insanlar sizin avtomobilinizin taksi olduğunu başa düşəcək", - deyə şəxsi taksi sürücüləri polisin onlara dediklərini mediaya bildiriblər.
Onların sözlərinə görə, yol polisi əməkdaşları bu tələbi irəli sürdükdən sonra sürücülərə prezidentin 210x75 mm ölçüdə portretini almağı təklif edirlər. Şəklin qiyməti isə 1,5 dollardır.
Ağarza Elçinoğlu