Rusiya bölmələri Kiyev ətrafından və Ukraynanın şimalından geri çəkilmir.
"Unikal" CNN-ə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə 2021-ci il üzrə hesabatını təqdim edərkən deyib.
“Rusiya bölmələri geri çəkilmirlər. Rusiya yenidən cəmlənməyə, yenidən tədarükə və Donbas regionuna hücumunu gücləndirməyə çalışır. Eyni zamanda, Rusiya Kiyevə və digər şəhərlərə təzyiqi saxlayır. Biz daha çox əzab-əziyyətə səbəb ola biləcək əlavə hücumları gözləyə bilərik”, - Stoltenberq bildirib.
Baş katib Rusiyanı Kiyev ətrafında və Ukraynanın şimalında hərbi əməliyyatları azaltmaqla bağlı yalan danışmaqda ittiham edib: “Biz son bəyanatlarda Rusiyanın Kiyev ətrafında və Ukraynanın şimalında hərbi əməliyyatların miqyasını azaldacağını eşitmişik. Lakin Rusiya təkrarən öz niyyətləri barəsində yalan danışıb, ona görə də biz Rusiyanı sözləri ilə deyil, yalnız əməlləri ilə mühakimə edə bilərik”.
Stoltenberq Rusiyanı müharibəni dayandırmağa və bütün qoşunlarını geri çəkərək xoş niyyətli danışıqlarda iştirak etməyə çağırıb.