2 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Naziri cənab Luici Di Maionun ölkəmizə rəsmi səfəri çərçivəsində İtalyan həmkarı ilə görüşüb.

Nazirlikdən "Unikal"a verilən məlumata görə, iki nazir arasında öncə təkbətək görüş keçirilib.

Daha sonra xarici işlər nazirlərinin iştirakı ilə iki ölkə arasında strateji dialoqun birinci iclası keçirilib. Nazir Ceyhun Bayramov bu görüşün çox əlamətdar olduğunu, Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf etdiyini qeyd edib. Nazir bu xüsusda təbriklərini çatdırıb.

Nazir Luici Di Maio səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidenti ilə keçirilən görüşə məmnunluqla istinad edib. O, strateji dialoqun cari iclasının Azərbaycanın dövlət başçısının 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”yə əsaslandığını xatırladıb. O, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin cari ildə qeyd olunmasını əlamətdar hadisə kimi vurğulayıb.

İclasda Azərbaycan-İtaliya ikitərəfli strateji tərəfdaşlıq əlaqələri, regional və beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələləri müzakirə edilib.

Nazirlər, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər, geniş iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat, mədəniyyət, humanitar və digər sahələrdə intensiv mübadilələrin mövcudluğundan məmnunluq ifadə ediblər.

Azərbaycan və İtaliya arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın olduğunu, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı, Azərbaycanın isə İtaliyanın ən böyük xam neft təchizatçısı və Cənubi Qafqazda ən böyük ixrac məntəqəsi olduğu vurğulanıb. İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərdiyini, iqtisadi əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanların mövcudluğu bildirilib.

Azərbaycan Respublikası və İtaliya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin uğurla inkişaf etdiyi qeyd edilib. Hökumətlərarası Komissiyanın növbəti iclasının tezliklə keçirilməsinin iqtisadi əlaqələrin daha da genişləndirilməsi və iqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün faydalı olacağı vurğulanıb. İki dövlət arasında humanitar sahədə əməkdaşlığın genişlənməsi qeyd edilib və cari səfər çərçivəsində iki dövlətin liderlərinin razılaşmasına əsasən İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasiminin keçiriləcəyi məmnunluqla vurğulanıb.

İki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin, o cümlədən dostluq qruplarının rolunun önəmi qeyd olunub, bu sahədə gələcək əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda, İtaliya hökumətinin və parlamentinin, o cümlədən senator və deputatların Vətən müharibəsi və post münaqişə dövründə sərgilədiyi ədalətli və beynəlxalq hüquq əsaslanan mövqe Azərbaycan tərəfindən yüksək qiymətləndirilib.

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar, Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı mövqeyi, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı məlumat verib. Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının pozulmasının bölgədə sülh quruculuğuna əngəl olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

İclasda Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. İtaliya tərəfi minatəmizlımə prosesində iştirakını genişləndirmək marağı səsləndirilib.

Həmçinin tərəflər, çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən Avropa İttifaqı ilə əlaqələr, eləcə də Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Görüşün sonunda nazirlər tərəfindən "Azərbaycan Respublikası və İtaliya Respublikası arasında Strateji Dialoqun birinci iclasının Protokolu” sənədi imzalanıb.

***12:09

Azərbaycan Respublikası və İtaliya Respublikası arasında Strateji Dialoqun birinci iclası başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.