Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonra bəyanat yayıb.
"Unikal" xəbər verir ki, bəyanatda vurğulanır ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqaz regionundakı vəziyyətin müzakirəsini davam etdirmək və hər iki ölkə ilə Aİ əlaqələrini inkişaf etdirmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb.
Şarl Mişel Aİ-nin gərginliyin aradan qaldırılmasında yaxından işləmək və regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazı təşviq etmək üçün Ermənistan və Azərbaycan ilə əməkdaşlığı dərinləşdirməyə sadiqliyini bir daha vurğulayıb.
Qeyd edilir ki, liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən və 2022-ci ilin fevralında Fransa Prezidenti Emmanuel Makronla videokonfransdan sonra baş verənləri qiymətləndiriblər. Həmçinin liderlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini təkrarlayıblar. Tərəflər 2022-ci il martın 30-da Aİ-nin vasitəçiliyi ilə Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin görüşünü alqışlayıblar və liderlər səviyyəsində əldə olunmuş razılaşmaların təminatı üçün bu əlaqənin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəliblər.
Prezident Mişel hər iki tərəfin etimad və dinc yanaşı yaşayışı təşviq etmək üçün humanitar jestlərinin vacibliyini vurğulayıb. O, bütün həll edilməmiş humanitar məsələlərin həllinin zəruriliyini vurğulayıb və Aİ-nin bu səyləri dəstəkləməyə hazır olduğunu bildirib. Aİ eyni şəkildə Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, eləcə də humanitar minatəmizləmə səylərini dəstəkləməyə davam edəcək, o cümlədən ekspert məsləhətlərini vermək və maliyyə yardımını artırmaq, münaqişədən təsirlənmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işlərini davam etdirəcək.
Prezident Mişel həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də baş nazir Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırılması razılaşdırılıb.
Qeyd edilir ki, ikitərəfli sərhədlərin delimitasiyası və demarkasiyası vacib olacaq; bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması da razılaşdırılıb. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq: 1) Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası; 2) Sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək.
Liderlər həmçinin Ermənistan və Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını müzakirə ediblər. Prezident Şarl Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı yol əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağa təşviq edib. Aİ öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə əlaqələrinin inkişafına dəstək verməyə hazırdır.
Liderlər görüşlərin nəticələrini izləmək və əlaqəni davam etdirmək barədə razılığa gəliblər.
LIVE after the meeting with the President of the Republic of Azerbaijan Ilham Aliyev @presidentaz and the Prime Minister of the Republic of Armenia @NikolPashinyan https://t.co/XshAQL1exj
— Charles Michel (@eucopresident) April 6, 2022