"Tərəflər sülh müqaviləsinin reallaşması üçün öz istəklərini bəyan ediblər. Azərbaycan artıq 5 bəndlik sülh təkliflərini Ermənistana təqdim edib və ölkəmiz regionda sülhün yaranmasında maraqlı dövlətdir. Sülh anlaşmasının işlənməsi və hazırlanması üçün hər iki ölkənin xarici işlər nazirlikləri fəaliyyətlər həyata keçirəcəklər".
"Unikal" xəbər verir ki, bunu deputat Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşü şərh edərkən deyib.
Onun sözlərinə görə, aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması və iki ölkə arasında sərhədlərin delimitasiyası məsələlərinin müzakirəsinin davam etdirilməsi də razılaşdırılıb:
"Vacib məqamlardan biri də ölkələr arasında kommunikasiyaların bərpasıdır. Avropa İttifaqı dəmir yolu əlaqələrinin bərpası istiqamətində atılan addımları dəstəkləyərək avtomobil yolu əlaqəsinin də bərpası ilə bağlı tərəfləri səylər göstərməyə çağırıb. Bu, Zəngəzur dəhlizinin reallaşması baxımından da vacib yanaşmadır. İrəvanda müəyyən dairələr artıq anlayırlar ki, Zəngəzur dəhlizini əngəlləməklə Ermənistan yeni mühüm imkanları əldən buraxır. Zəngəzur dəhlizinin reallaşması Ermənistana bu marşrutun bir hissəsi olmağa və beynəlxalq yükdaşımalarda gəlir əldə etməsinə imkan verə bilərdi. İrəvanın düşünülməmiş siyasəti ona gətirib çıxartdı ki, Azərbaycan bu marşrutu İran vasitəsilə reallaşdırmağa başladı və Ermənistan yenə də oyundan kənar vəziyyətdə qalıb".
Deputat xatırladıb ki, jurnalistlərin suallarını cavablandıran Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel sülh müqaviləsinin hazırlanması ilə bağlı prosesin başladığını bildirib:
"Artıq proses başlayıb. Təbii ki, yeni mərhələdə Ermənistanın öz öhdəliklərinə əməl etməsi vacibdir. Getdikcə İrəvan üçün yollar daralır. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Şanlı Zəfərdən sonra Ermənistan üçün ölkəmizin 5 bəndlik sülh təkliflərini qəbul etmək ən rasional seçim kimi görsənir. Brüssel görüşü Azərbaycan diplomatiyasının yeni uğurudur. “Qarabağ münaqişəsi” sözünün bir dəfə də işlədilmədiyi Avropa Şurasının son bəyanatı da artıq konfliktin həll olunduğundan və bütün yolların ölkələrin ərazi bütövlüyü çərçivəsində sülh anlaşmasının imzalanmasına apardığından xəbər verir".
Anar Kəlbiyev