"Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr bir daha dövlət başçımızın dünyada böyük nüfuzunun olduğunu göstərdi".
Bu fikirləri "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib. O bildirib ki, bu görüşdə Azərbaycanın ədalətli sülhün və ərazi bütövlüyümüzün təmin olunması istiqamətində prinsipial mövqeyi bəyan edildi: "Görüşün nəticəsi olaraq qeyd olunmalı məqamlardan biri odur ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Yəni, diqqət edirsinizsə, Azərbaycan tərəfi öz prinsipial mövqeyindən zərrə qədər geri çəkilməyib. Cənab Prezident bu görüşdə də Azərbaycanın mövqeyinin konkret olduğunu ifadə edib".
Millət vəkili onu da qeyd edib ki, görüşdə infrastruktur layihələri müstəvisində əməkdaşlığın qurulması ilə bağlı əldə edilən razılıq da xüsusi vurğulanmalıdır. Onun sözlərinə görə, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınıb və bu, iqtisadi inkişaf üçün də əhəmiyyətlidir: "Qısa olaraq, onu demək olar ki, bu görüş diplomatik müstəvidə Azərbaycanın qələbəsidir. Hazırda Ermənistandakı vəziyyət də onu sübut edir ki, cənab Prezidentin siyasi-diplomatik səyləri ciddi nəticə verir. İlham Əliyevin çevik və olduqca sərrast diplomatik manevrləri Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdlərini iflasa uğradır".
Murad İbrahimli