“Rusiya qoşunlarının əsas məqsədi Donetsk, Luqansk və Xerson vilayətləri ərazisində tam nəzarəti təmin etməkdir. Şərqi əməliyyat zonasında döyüşlər davam edir”.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahından bildirilib.
Məlumata görə, qarşı tərəfin ən ciddi fəallığı Slobojanski və Donetsk istiqamətlərində müşahidə olunur: “Düşmənin Ukraynadakı hərbi və mülki obyektlərə raket, bomba zərbələri endirəcəyi təhlükəsi hələ də var. Volın və Polissya istiqamətlərində Rusiya Silahlı Qüvvələri fəal hərəkətə keçməyib. Belarus Silahlı Qüvvələrinin 7 batalyonu Ukrayna-Belarus sərhədinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir.
Şimal istiqamətində düşmən Bryansk və Kursk vilayətlərində Ukrayna-Rusiya sərhədinin gücləndirilmiş mühafizəsini təmin edir. Qarşı tərəf Xarkov istiqamətində aktiv döyüş əməliyyatları aparmayıb. Onun əsas səyləri qoşunlarının Xarkov şəhərindən çıxarılmasına, işğal olunmuş mövqelərin və təchizat yollarının saxlanmasına yönəlib”.
Rəsmi informasiyaya əsasən, Rusiya ordusu PUA-larla hava kəşfiyyatını davam etdirir: “Mariupol şəhərində Rusiya ordusu “Azovstal” zavodunun yaxınlığındakı bölmələrimizi mühasirəyə almaqda davam edir. Kütləvi artilleriya və hava zərbələri endirilir. Donetsk və Luqanskda son 24 saat ərzində qarşı tərəfin 10 hücumunun qarşısı alınıb. 5 tank, 5 artilleriya sistemi, 6 zirehli döyüş maşını və 7 nəqliyyat vasitəsi məhv edilib. Həmçinin 3 PUA-sı vurulub”.