Xorvatiya parlamenti vahid Avropa valyutasına qoşulma haqqında qanun layihəsini qəbul edib. 

"Unikal" xəbər verir ki, "Reality"nin məlumatına görə, gələn ildən Xorvatiya Avrozonanın iyirminci ölkəsi olacaq.

Avroya keçidin lehinə 117 deputat, əleyhinə isə 13 nəfər səs verib.

Avronun dövriyyəyə buraxılmasının əleyhdarları hesab edirlər ki, indi bu cür dəyişikliklər üçün münasib vaxt deyil, çünki bu, yoxsulluğun artmasına səbəb olacaq. 

Xorvatiya hökuməti əmindir ki, ölkə üçün avronun dövriyyəyə buraxılması yalnız müsbət effekt verəcək. Onların proqnozlarına görə, bu, valyuta risklərini aradan qaldıracaq, faiz dərəcələrini aşağı salacaq, ölkənin kredit reytinqini yüksəldəcək və daha çox investisiya cəlb edəcək.

Qanuna əsasən, Xorvatiya sentyabrın 5-dən hər iki valyutada malların qiymətlərini yenidən hesablamağa başlayacaq. Xorvatiya və Avropa valyutalarının paralel mövcudluğu gələn il ərzində də davam edəcək. İndi ölkədə Xorvatiya kunası dövriyyədədir.

Ağarza Elçinoğlu