Bu gün Ümumdünya Gömrük Təkilatının (ÜGT) Bakı şəhərindəki Avropa Regional Ofisində “Mənşə qaydalari və Məcburi qərarlar” mövzusunda milli seminar öz işinə başlayıb.
"Unikal" xəbər verir ki, ÜGT tərəfindən təşkil olunan seminarda Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumlarının 25 nəfər əməkdaşı iştirak edir.
Seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsi Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov çıxış edərək ÜGT ilə DGK arasında uzun illərdir davam edən səmərəli əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib. Baş İdarə rəisi DGK-nın ÜGT-nin Avropa Regionuna rəhbərliyini, Siyasi Komissiyasına üzvlüyünü, eyni zamanda təşkilatının bir sıra regional qurumlarının Azərbaycanda yerləşməsini əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirib.
Seminarın əhəmiyyətindən bəhs edən Mirqasım Vahabov əldə olunan biliklərin gömrük ödənişlərinin dəqiq hesablanması, statistikanın düzgün aparılması, gömrük əməliyyatlarının daha effektiv şəkildə reallaşdırılması baxımından vacibliyini vurğulayıb.
ÜGT-nin Tarif və Ticarət məsələləri üzrə Direktorluğunun eksperti Demba Sek seminarda mənşə qaydaları ilə bağlı fundamental məsələlər barədə məlumat veriləcəyini və qaydaların tətbiqinin misallarla izah olunacağını bildirib. Demba Sek dünya miqyasında azad ticarət sazişlərinin əhəmiyyətinin artdığı bir dövrdə ticarət qaydalarının səmərəli şəkildə tətbiqində mənşə qaydalarının əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.
11 sessiyadan ibarət olan seminar 5 gün davam edəcək. Seminarda ÜGT-nin Tarif və Ticarət məsələləri üzrə Direktorluğunun ekspertləri Demba Sek və Çunksao Ksu, eyni zamanda Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən Beynəlxalq ticarətdə mənşə qaydalarının təqdim edilməsi, Preferensial mənşə qaydaları üzrə texniki məsələlər, Mənşə sertifikatının verilməsi, Mənşənin təsdiq edilməsi, Mənşə ilə bağlı məcburi qərarlar, məcburi qərarlar, malın uyğunluğunun istehsalçının özü tərəfindən təsdiq edilməsi ilə bağlı milli qabaqcıl təcrübələr mövzularında təqdimatlar nümayiş etdiriləcək və praktiki məşğələlər keçiriləcək.