"Ölkə başçısının müvafiq çağırış və göstərişinə əsasən biz də SOCAR "Azəriqaz" İstehsalat Birliyi olaraq regionlarda vətəndaşlarla görüşlər keçirərək, sizlərin qaz təsərrüfatına dair problemlərinizin həlli istiqamətində lazımi işlər görürük".
"Unikal" xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev Şəki şəhərində vətəndaşlarla keçirilən görüş zamanı bildirib. Qəbulda Şəki sakinləri ilə yanaşı, Qax, Zaqatala və Oğuz rayonlarından da qatılan vətəndaşların problem və təklifləri dinlənilib. Müraciətlər zamanı fərdi qazlaşma, yaşayış məntəqələrinə və yeni yaşayış massivlərinə küçə qaz xəttinin çəkilməsi, qapı keçidinin quraşdırılması, işə qəbul və digər məsələlərə toxunulub.
Ruslan Əliyev görüşdə iştirak edən 50-dək vətəndaşı fərdi olaraq dinləyib, qaldırılan məsələlərin həlli barədə Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinin, habelə Regional İdarənin tabeliyində olan xidmət sahələrinin müvafiq struktur rəhbər şəxslərinə göstəriş verib. Vətəndaşların qəbul zamanı səsləndirdikləri bir sıra problemlər yerindəcə həllini tapıb. Görüşdə sakinlərlə yanaşı, sahibkarlar da iştirak ediblər. Onlar da üzləşdikləri çətinliklərin həlli istiqamətində onlara köməklik edilməsini xahiş ediblər. Daxil olan bütün müraciətlər qeydiyyata alınıb.
Vətəndaşlar qaz təchizatı ilə bağlı problemlərinin birbaşa Birlik rəhbəri tərəfindən dinlənildiyi, onlara göstərilən diqqət və qayğıya görə SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoruna təşəkkür ediblər. Baş direktor da, həmçinin bu cür görüşlərin bundan sonra da davam edəcəyini qeyd edib.