Ukrayna taxıl daşıyan gəmilərin Ukrayna limanlarından təhlükəsiz keçməsi üçün Rusiyadan heç bir zəmanət almayıb.
"Unikal" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
Nazirin sözlərinə görə, Ukrayna Odessa limanından Ukrayna taxılının ixracının bərpası üçün bütün lazımi şəraiti yaratmağa hazırdır.
"Məsələ Rusiyanın Odessaya hücum etmək üçün ticarət yolundan sui-istifadə etməməsinə necə əmin olmaqdır. Hələlik Rusiyadan heç bir zəmanət yoxdur. Biz BMT və tərəfdaşlarla birlikdə həll yolunu axtarırıq", - Kuleba vurğulayıb.
Qeyd edək ki, Afrika və Asiya ölkələrinə göndərilməli olan Ukrayna limanlarında 20 milyon tondan çox taxıl bloklanıb. Lakin Qara dənizdə Rusiya gəmilərinin aktivliyi və Rusiyanın Odessaya desant düşürməsi təhlükəsi səbəbindən bu taxılın ixracı mümkün deyil.
Xatırladaq ki, dünən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Rusiyanın Ukrayna taxılının ixracı üçün dəhliz verməyə hazır olduğunu bildirmişdi.
Bundan əlavə, Türkiyə mətbuatı Türkiyənin Ukrayna taxılının ixracını bərpa etməyə kömək edə biləcək yol xəritəsi hazırladığı barədə məlumat yayıb.
Ramil Zeynallı