Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında “Milli Qurtuluşdan başlayan Zəfər yolu” mövzusunda görüş keçirilib. Görüş iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad etdilər.
"Unikal" xəbər verir ki, görüşü Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov açaraq müstəqil Azərbaycan dövlətinin Milli Qurtuluşdan Zəfərə qədər keçdiyi yola nəzər salaraq Ulu Öndər Heydər Əliyevin ölkəmiz və xalqımız naminə görmüş olduğu misilsiz işlərdən bəhs etdi. Əgər dahi şəxsiyyət olmasaydı nə müstəqil Azərbaycandan, nə də xalqın bütövlüyündən danışmaq olardı. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Umummilli liderimiz Heydər Əliyev qısa zaman ərzində ölkədə daxili sabitliyi təmin etdi, Azərbaycanın inkişaf yolunun təməlini qoydu. Bir sözlə, Azərbaycanın bu gün qazanmış olduğu möhtəşəm Zəfərə gedən yol 15 iyun 1993-cü il tarixindən başlanmışdır.
Görüşdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov çıxış edərək müstəqilliyin ilk illərində ölkəmizin və xalqımızın naşı, səriştəsiz rəhbərlər, xüsusilə də AXC-Müsavat hakimiyyəti dövründə olmazın problemlərlə üzləşməsindən söhbət açdı. AXC-Müsavat cütlüyünün özbaşınalığı və xəyanəti nəticəsində Şuşa, Laçın, Kəlbəcər və eləcə də digər rayonlarımız işğala məruz qaldı. Bu cütlük ölkədə xaos, anarxiya, özbaşınalıq yaratmış, xalqı və ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycan xalqı nicat yolunu dahi şəxsiyyət Heydər Əliyevə müraciət etməkdə və onu Bakıya dəvət etməkdə gördü. Ulu Öndərin Bakıya qayıdışı ilə Azərbaycanda həyat öz axarına qayıtdı və ölkəmiz öz tərəqqi yoluna qədəm qoydu. Ulu Öndərin siyasi kursunu hər bir sahədə uğurla davam etdirən Prezident, partiyamızın sədri cənab İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü təmin etdi və Azərbaycanı qalib ölkəyə çevirdi.
Görüşdə çıxış edən partiya fəalları Azad Gözəlov, Turanə Şıxəliyeva, Arzu Musayeva və Aysu Əzimova Qurtuluşdan ötən dövr ərzində Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salaraq ölkəmizin davamlı uğurlara imza atmasından və cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi Ulu Öndərin siyasi kursu nəticəsində Cənubi Qafqazın lider, dünyanın isə nüfuzlu ölkəsinə çevrilməsindən söhbət açdılar.