Respublikada yaş barama tədarükü davam edir. İyunun 10-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 157 ton yaş barama təhvil verilib.
"Unikal" xəbər verir ki, ən çox barama tədarükü Zərdab rayonunda aparılıb. Zərdab kümçüləri tədarük məntəqələrinə 48 ton 380 kiloqram yaş barama təhvil veriblər. Məhsul tədarükünə görə, Ağcabədi (16 ton 963 kq), Balakən (14 ton 496 kq), Bərdə (9 ton 743 kq), Füzuli (9 ton 205 kq), Kürdəmir (6 ton 952 kq) rayonları öndə gedir.
Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Bu ildən yaş barama tədarükünə görə dövlət tərəfindən verilən subsidiyanın məbləği və məhsulun alış qiyməti artırılıb. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.
Bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 11130 qutu ipəkqurdu toxumu paylanıb. Cari ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarükü aparılır.