Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda "Azərişıq" ASC-nin 110/35/10 kilovoltluq yeni yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
"Unikal" xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yeni yarımstansiyada və idarəetmə mərkəzində yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, paytaxtın Yasamal rayonu ərazisində, Füzuli meydanının yaxınlığında tikilən yeni yarımstansiya Bakı şəhərinin sürətlə artan elektrik enerjisi tələbatını qarşılamaq, etibarlılığı və dayanıqlılığı təmin etmək məqsədilə inşa olunub. Həmçinin yarımstansiya şəhərin elektrik təchizatının etibarlılığının və dayanıqlılığının təmin edilməsi məqsədilə perspektivdə yaranacaq yüklərin 220 kilovoltluq “Müşviq” və “Xırdalan” yarımstansiyaları arasında paylanması və ötürülməsi üçün nəzərdə tutulub. Yeni yaradılacaq 110 kilovoltluq dairəvi sxemin tərkib hissəsinə aid olan yarımstansiyanın əlaqələndirilməsi “Yasamal-1”, inşa ediləcək “Təzə Bazar”, “Zəfər” və mövcud “Dağlıq” yarımstansiyaları vasitəsilə həyata keçiriləcək. Yarımstansiyada müasir tipli eleqaz avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika qurğuları quraşdırılıb.
Bu yarımstansiyanın mövcud və yeni qurulacaq 35 və 10 kilovoltluq şəbəkələrlə əlaqələndirilməsi digər 110 kilovoltluq yarımstansiyalar arasında yaradılacaq dairəvi sxemlərlə şəhərin mərkəzində artacaq yüklərin qarşılanmasını və idarə olunmasını, avtomatlaşdırılmış məsafədən dispetçer idarəetmə sistemi (SCADA) vasitəsilə yüklərin bir mənbədən digər mənbəyə köçürülməsi əməliyyatlarının operativliyini, eyni zamanda, elektrik təchizatının dayanıqlılığını təmin edəcək.
Dövlətimizin başçısı “Azərişıq” ASC-nin Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzini işə saldı.
Prezident İlham Əliyevə məlumat verildi ki, rəqəmsal idarəetmənin tətbiqi və ya paylayıcı şəbəkələrin intellektual-rəqəmsal idarə olunması elektrik enerjisinin ötürülməsi və paylanması proseslərinə fasiləsiz nəzarətin həyata keçirilməsini, həmçinin müasir kompüter proqram sistemləri insan amili təsirinin aradan qaldırılmasını təmin edir. Digər tərəfdən, rəqəmsallaşma elektrik şəbəkələri üzrə müəyyənləşdirilmiş beynəlxalq tələblər çərçivəsində iqtisadi səmərəliliyin yaxşılaşdırılması istiqamətində mühüm təyinedici texnoloji vasitədir.
Qeyd olunub ki, “Azərişıq” ASC-nin Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzi Regional Avtomatik İdarəetmə mərkəzləri, 3D-mobil xəritə sistemi, SCADA sistemi, enerji keyfiyyəti göstəricilərinin analiz olunması, ötürücü xətlərdə enerji kəsintiləri və itkilərin müəyyən edilməsi, məsafədən avtomatik sayğacoxuma sistemi, müasir Çağrı mərkəzi, avadanlıqların texniki pasportlaşma sistemi, abonentlərin FİN-kodlaşma sistemi, avtomobillərin (qəza əleyhinə texnika, səyyar sınaq-diaqnostika laboratoriyaları) GPS-mövqe sistemi, alternativ və bərpaolunan enerji mənbələri, paylayıcı şəbəkələrdə zonalar üzrə səmərəli hesabat sistemindən (SAİDİ/SAİFİ) məlumatlar alaraq dərhal analizini aparır, elektrik enerjisi təminatında yaranan fasilələri aradan qaldırmağa, abonent məmnunluğunu təmin etməyə geniş imkanlar yaradır.